Səna yarpağı

Səna yarpağı

Səna kol bitkisidir. Paxlalılar ailəsinə aid olub, Cənubi Amerikanın və Şərqi Afrikanın quraq bölgələrində böyüyən çoxillik bir bitkidir. O, müxtəlif ölkələrin, o cümlədən Hindistan, Azərbaycan, Pakistan və Qazaxıstan mədəniyyətinin bir hissəsi sayılan qiymətli dərman bitkisidir. Qədim Çində sənadan işlətmə vasitəsi kimi, həmçinin onun zəif konsentratından iştahanı açmaq üçün istifadə edilirdi.

Sənanın tərkibində çox miqdarda insan orqanizmi üçün qiymətli komponentlər var. Əsas aktiv maddələr antraqlikozidlərdir, onlar bağırsağa daxil olduqda, həzm fermentlərinin təsiri altında şəkərlərə və aqlukonlara parçalanır. Çürümə məhsulları bağırsaq mukozasında yerləşən reseptorları qıcıqlandıraraq onun hərəkətini stimullaşdırır. Bütün bunlarla birlikdə bitkinin tərkibinə turşular, qatranlar, bioflavonoidlər, fitosterollar, həmçinin polisaxaridlər daxildir. Vitamin kompleksi və digər qida komponentləri, o cümlədən selen, mis, kalium, flüor, maqnezium, barium, sink də vardır.

Səna yarpağının faydaları

Yuxarıda təsvir edildiyi kimi, səna xüsusi komponentlərdən ibarətdir. Məsələn, güclü işlədici təsirə səbəb olan antraqlikozidlərin təsir mexanizmi olduqca sadədir. Maddələr bağırsağın selikli qişasını qıcıqlandırır, bununla da saya əzələlərin yığılmasına səbəb olur, nəticədə mədə-bağırsaq traktının tam boşalması və təmizlənməsi baş verir.

Sənanın işlədici təsiri əsasında təbii və təhlükəsiz preparatlar istehsal olunur. Bu preparatlar ilə hətta kiçik uşaqlarda da qəbizliyi müalicə etmək olar. Əməliyyatdan sonrakı dövrdə, babasil düyünlərinin iltihabı və prolapsı zamanı, həmçinin bağırsaq peristaltikasının pozulması hallarında səna tərkibli dərman vasitələrinin istifadəsi xüsusilə aktualdır. Bundan əlavə, məhsul bədəndən toksinləri, şlakları və ağır metal duzlarını çıxaran bir filtr rolunu oynaya bilər. Mədəyə daxil olduqdan 2-4 saat sonra təsir etməyə başlayır.

Məhsulun bədən üçün faydalarından danışarkən, saç üçün kosmetik effekti qeyd etməmək olmaz. Səna dəmləməsi ilə saçların durulanması zədələnmiş saçları bərpa edir. Məhz bu təsirinə görə bitkiyə “neytral xına” adı da verilib.

Səna preparatlarının qəbul qaydalarının pozulması, həmçinin dozanın aşılması insan sağlamlığına mənfi təsir göstərir. Bitki mənşəli məhsulun zərəri müəyyən olunmasa da yan təsirləri çox nəzərə çarpır. Həmçinin sənanın təsiri ilə həzm sistemi daim təmizləndiyi üçün tam həzm olunmamış qidalar da bədəndən xaric olur. Bu vəziyyətdə qiymətli elementlər və vitaminlər də bədəndən qovulur.

Bu gün səna bağırsaqları təmizləmək üçün geniş istifadə olunan bir vasitədir. Bitki qurudulmuş, hidrolizə edilmiş və ya tablet şəklində tətbiq oluna bilir.

Səna əsaslı reseptlər

Səna əsasında reseptlər

Resept 1

2 çay qaşığı səna yarpağı, hərəsindən 1 çay qaşığı çobanyastığı və cökə çiçəkləri termosa tökülür, üzərinə iki stəkan qaynar su tökülür. Məhsul ən azı səkkiz saat ərzində dəmlənir, bundan sonra onu süzmək və istifadə etmək lazımdır. Səhər acqarına bir stəkan ilıq su içdikdən sonra hər 3 saatdan bir 150 ml səna dəmləməsi qəbul edilir.

Resept 2

İşlədici

Qazana 1 litr su tökülür, içinə 50 qram səna yarpağı və 1 stəkan kişmiş əlavə olunur. Qazan vam od üzərinə qoyulur, qaynamağa başlayanda məhlula 150 ml bəkməz tökülür. Ocaqdan kənara qoyulur və 2 litr sərin su əlavə edilir. İçkini soyuducuda saxlamaq lazımdır. Hər axşam yatmazdan əvvəl 1/3 stəkan içilir.

Resept 3

Arıqlamaq üçün sağlam və dadlı məcun

Hər bir məhsuldan 100 qram olmaqla əncir qurusu, quru ərik və kişmiş götürülür. Bütün məhsulları ətçəkən maşın və ya blender ilə əzmək, üzərinə üyüdülmüş səna yarpaqları və bal əlavə etmək lazımdır. Alınan məcun üç həftə ərzində gecə yatmazdan əvvəl bir qaşıq qəbul edilir.

Səna yarpağının istifadəsinə hansı əks göstərişlər var

Səna yarpağı əsasında hazırlanan məhsullar bəzi hallarda qəbul oluna bilməz. Məsələn,  südvermə dönəmi, çünki məhsul südəmər körpə üçün zəhərli tərkibə malikdir. Hamiləlik dövründə, müddətindən asılı olmayaraq, xüsusi bir işlədici istifadə etmək yolverilməzdir. İshal, həzmsizlik və mədə-bağırsaq traktının digər pozğunluqları, allergiya və ya dərmana fərdi həssaslıq da səna qəbuluna əks göstərişdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com