Search
Close this search box.

Müdafiəyə ehtiyacı olan orqan — QARACİYƏR

Müdafiəyə ehtiyacı olan orqan — QARACİYƏR

Qaraciyər orqanizmdə tam bərpa oluna bilən yeganə orqandır. Digər tərəfdən həm də qaraciyər hüceyrələri çox həssasdır və tez zədələnir, həm də imkanları sonsuz deyildir. Mütəmadi olaraq spirtli içki qəbul edəndə, kəskin, acı və yağlı qidalar yeyəndə, aşırı dərəcədə sintetik dərman preparatları içəndə və konservantlı qidalar qəbul edəndə qaraciyərdə elə distrofik dəyişikliklər yarana bilər ki, müəyyən vaxtdan sonra onun qarşısını almaq çox çətin olar.
Qaraciyər mükəmməl şəkildə yaranmış kimyəvi bir laboratoriyadır, həmin orqandan saatda 90 litr qan keçir və qanın tərkibində olan toksiki maddələr tamamilə zərərsizləşdirilir.
Qan plazmasında olan zülalların, həmçinin qanın laxtalanmasını təmin edən elementlərin çox hissəsi qaraciyərdə sintez olunur. Bu orqan həm də B12, nikotin turşusu və retinol kimi vitaminlərin deposudur. Dəmir və qlikogenin çox böyük ehtiyatları qaraciyərdə toplanılıb saxlanılır və böyük enerji sərfiyyatı zamanı qlükozaya çevrilərək orqanizmin istifadə etməsi üçün hazır vəziyyətə gətirilir. Dadından asılı olmayaraq qəbul edilən acı, şirin, turş, yağlı, duzlu qidalar ləngimədən qaraciyərdə işlənməyə və emal olunmağa başlayır. Qaraciyər xəstə və zəif olanda öz vəzifəsinin öhdəsindən gələ bilmir, maddələr mübadiləsi ləngiyir, immunitet aşağı düşür, qan dövranı və hüceyrələrdə enerji hasilatı prosesi pozulur.
Qaraciyər toxumasını zədələyən və onun normal fəaliyyətini pozan beş əsas amil var və onlardan birincisi alkoqoldur. Aşırı dərəcədə və gündəlik qəbul edilən alkoqollu içkilər qaraciyəri həddən artıq yükləyir, hüceyrələri zədələyir və məhv edir, onların yerini isə piy və birləşdirici toxuma tutur. Bununla da gələcəkdə xərçəng və qaraciyər sirrozunun inkişafı üçün şərait yaranır.
İkinci əsas səbəb hisə verilmiş qida məhsullarıdır və onun tərkibində toksiki maddələr digər zərərli məhsullarla müqayisədə dəfələrlə çoxdur. Onların içərisində kanserogen maddələrin, əsasən də benzapiren birləşməsinin miqdarı daha çoxdur ki, o da gələcəkdə bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Benzapiren qaraciyər üçün təhlükə törədə biləcək kanserogen maddələrdən daha qorxulusudur və orqanizmin laboratoriyası onunla heç cür mübarizə apara bilmir, 1-2 ay ərzində çox böyük zədələnmələrə məruz qalır.
Digər təhlükə acı və yandırıcı qidalardır, qaraciyər onları adi toksiki maddələr kimi qəbul edir və adi qaydada onlarla mübarizə aparmağa başlayır. Həmin qidalara kəskin xüsusiyyətli bütün ədviyyatlar – qırmızı acı bibər, qara istiot, hətta turp, soğan və sarımsaq aiddir. Doğrudur, turp, soğan və sarımsağın qaraciyər üçün qorxusu onlardan müntəzəm şəkildə və gündəlik olaraq aşırı dərəcədə istifadə zamanı ola bilər, gündəlik olaraq normada qəbul edilməsi isə təhlükə törətmir və ancaq faydalı təsir göstərir.
Dördüncü təhlükə həddən artıq yağlı və kalorili qidalardır və çox təəssüflər olsun ki, belə qidalanma milli mətbəximizə xas olan haldır. Həzm orqanlarına nə qədər çox yağlı qidalar daxil olarsa, qaraciyər də o qədər yüklənmiş olur, yəni, həmin yağ və karbohidratları parçalamaq, neytrallaşdırmaq üçün qaraciyər normadan artıq və intensiv rejimdə çalışmalı olur. Təbii ki, yüksək kalori dəyəri olan yeməklərin tam emal olunması mümkün olmur və parçalanmamış yağ hissəcikləri qaraciyər hüceyrələrində toplanır. İlk dövrlərdə onun heç bir təhlükə törətmədiyi təsiri yaransa da, yavaş-yavaş yorulma halları artır, ürəkbulanmalar olur, sağ qabırğaaltı nahiyədə küt ağrılar əmələ gəlir, həzm orqanlarında narahatlıqlar başlayır. Gündəlik qəbul edilən yağlı yeməklərin miqdarı azalmayanda iltihabi proseslər yaranmağa və hüceyrələr tədricən dağılmağa başlayır, qaraciyər artıq öz funksiyasını tam yerinə yetirə bilmir. Başqa sözlə desək, qaraciyərin toksiki maddələri zərərsizləşdirməyə gücü çatmır, orqanizm öz-özünü zəhərləməyə başlayır və nəticədə ümumi zəhərlənmə baş berir. Qaraciyərin həmin həddə gəlməsi çox qorxuludur və bir çox hallarda ölümlə nəticələnir.
Beşinci təhlükə kimyəvi dərman preparatlarının törətdiyi təhlükədir. Dərman preparatlarının 90-95 faizinin tərkibində toksiki maddələr var və uzun müddət həmin preparatların qəbul edilməsi qaraciyər üçün zərərlidir. Həmin dərmanların qəbulu ilk vaxtlarda qaraciyərdə iltihabi prosesə səbəb olur, həcmi böyüyür, küt və bəzən də kəskin ağrılar əmələ gəlir, sonra toksiki birləşmələrin təsirindən hüceyrələrdə zədələnmələr baş verir. Dərman qəbulundan sonra xəstədə ürəkbulanma, qusma, acı dadla müşayət olunan gəyirmələr yarananda mütləq həkimə müraciət etmək lazımdır. Müraciət edilməyəndə sonrakı mərhələdə dəridə və gözlərin sklerasında saralmalar, sidiyin rənginin tündləşməsi, nəcisin rənginin ağarması kimi xoşagəlməz hallar müşahidə olunmağa başlayır. Xəstəliyin çox gecikmiş formalarında qaraciyərin ümumi nekrozlaşması əksər hallarda sirrozla nəticələnir.
Qaraciyərə hepatoprotektor (qaraciyərqoruyucu) təsir göstərmək, toksinlərdən təmizləmək, piylənməsinin qarşısını almaq üçün Hepartea çayı, alqanqal toxumundan istifadə olunur.
Fuad MAHMUDOV,
Avropa Təbii Elmlər Akademiyasının üzvü