Search
Close this search box.

Donvurma zamanı nə etməli?

Donvurma zamanı nə etməli?

Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri (burun,
qulaq) və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.

Gedişi
Donvurma səthi və dərin ola bilər.Yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkün olur.
Əlamətləri
Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan təhlükəli halların iki növüdür. Soyuq orqanizmə ümumi təsir göstərdikdə hipotermiyaya – bədənin həddindən artıq soyumasına, yerli təsir göstərdikdə isə donvurmaya gətirib çıxarır. Ona adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır. Soyuğun təsirinə məruz qalan bədən hissələrinin donvurmasına gətirib çıxarır.
Donvurma zamanı zədələnmiş nahiyədə yaranan əlamətlər:
– hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;
– zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması;
– şişkinliyin olması;
– isitdikdən sonra suluqların əmələ gəlməsi;
– dərinin mumabənzər olması;
– dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);
– donmuş sahəni əllədikdə bütün qatların donması fikrinin yaranması;
– dəri rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donmuş sahənin ağ rəngdə və ya göy ləkəli olması;
– iynə batma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi;
– don vuran yerin qızdırılma zamanı ağrı verməsi;
– don vuran yerdə yanğı hissi,

– uzun sürən ağrının olması
İlk yardım
Donvurmada tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Tibb müəssisəsi uzaqda olduqda zərərçəkənə xilasedici passiv yardım (dərini qızdırmaq, zərərçəkəni yorğan, paltar, palto və s. köməyi ilə isti saxlamaq) göstərilməlidir. Aktiv isinmə xəstəxanada aparılmalıdır. Əgər zərərçəkəni bir saat ərzində xəstəxanaya çatdırmaq mümkündürsə, aşağıdakı tədbirlər görülməlidir:
– Zərərçəkəni isti otağa aparmaq;
– Yaş və nəm, eləcə də bədəni sıxan paltarlar, üzük, saat və s. çıxarmaq;

– Siqaret, spirtli içki və qəhvədən istifadə etməmək;
– Ərafları hərəkətsizləşdirmək, şina ilə immobilizasiya edib, sarğı qoyub donvuran yerləri müdafiə etmək. Zərərçəkənin xəstəxanaya çatdırılması yubadıldıqda bir sıra tədbirlər görülməlidir. Donmuş nahiyə aşkar edilən kimi:
– Zərərçəkən isti yerə aparılır, ayaqqabıları və əlcəkləri çıxarılır;
– Ağır donma zamanı yardım göstərilərkən zədələnmiş yerlə ehtiyatlı davranılır;
– Donmuş nahiyə əvvəl quru əsgi ilə qurudulur;
– Donmuş nahiyə normal rəng almırsa, zədələnmiş nahiyə ehmalca hərarəti 20 dərəcə olan suya salınır.
Təxminən 10 dəqiqə ərzində suyun temperaturu 38-40 dərəcəyə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun istiliyi 41 dərəcədən artıq olmasın və həmin temperaturda qalsın. Zədələnmiş nahiyə dəri yumşaq, çəhrayı rəng alana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya salarkən qabın dibinə və ya divarlarına dəyməməlidir;
– Əgər isti su yoxdursa, donmuş ətrafl ar bədənin isti yerlərinə və s. yaxın saxlanır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar;
– Zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur;
– Əl və ya ayaq barmaqları donmuşsa, onların arasına pambıq və ya
tənzif qoyulur;
– Ayaqların donu açıldıqdan sonra zərərçəkənin gəzməsinə icazə verilmir;
– Huşu aydın olan zərərçəkənə isti çay və isti yemək verilir;
– Suluqlar deşilmir;
– Zədələnmiş nahiyəni əllə ovuşdurmaq, sürtmək və ona təzyiq göstərmək olmaz. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir;
– Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına və dərində yerləşən toxumaların zədələnməsinə səbəb olur;
– Bədənin donmuş hissəsini birdənbirə və birbaşa açıq alov, isti butulka, isidilmiş kərpiclə isitmək olmaz;
– Dərin donma zamanı donmuş ətraf hərəkətsizləşdirilir.
Yüngül hallar istisna olmaqla donma zamanı həkimə müraciət edilməlidir. İlkin yardımdan sonra zərərçəkən mütləq ixtisaslaşdırılmış tibbi yardım mərkəzlərinə və ya cərrahi şöbəsi olan xəstəxanaya aparılmalıdırlar.
Donvurmadan qorunma yolları
Kəskin soyuqda düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Geyim həmişə xarici mühitə və iş fəaliyyətinə uyğun olmalıdır. Hava soyuq olarkən yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan (yundan və s.) çoxqatlı paltar orqanizmin ətrafındakı isti havanı qoruyub saxlayır. Donmadan qorunmaq məqsədilə üst-üstə bir neçə paltar geyinmək olar, lazım gəldikdə paltarlardan birini çıxarıb bədənin hərarətini tənzimləmək mümkün olur. Qışda papaq geyinmək başdan istiliyin xaric olmasının qarşısını alır. İş görməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu isti maye içilir. Uzun müddət soyuqda qaldıqda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda aktiv şəkildə tərpətmək lazımdır.
Elnur RƏHİMOV