Search
Close this search box.

Babasilin TƏBİİ YOLLARLA müalicəsi

Babasilin TƏBİİ YOLLARLA müalicəsi

Babasil xəstəliyinin əsas səbəbi qəbizlikdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında düyünlər öz yerini dəyişərək aşağıya doğru sürüşür. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq hətta anal dəlikdən xaricə çıxır, qanaxma və ağrı kimi əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə babasil (hemorroy) xəstəliyinin olmasını qeyd etmək olar.

Profilaktika

– Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki fəallıq (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək) lazımdır.

– Uzun müddət oturaq halda işləyənlərə gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerindəki kreslo çox yumşaq olmamalıdır.

– Bağırsaqların gündəlik işləməsinə nəzarət edərək qəbizlik yaranmasına yol verilməməlidir. Babasilin inkişaf etməsi və kəskinləşməsinin qarşısını almaq üçün tərkibi bitki lifləri ilə zəngin pəhriz rejiminə əməl edilir. Qəbizliyin aradan qaldırılması və defekasiya aktının güc vermədən baş verməsi də babasilin əsas profilaktikası sayılır. Bu məqsədlə qida rasionuna sellüloza ilə zəngin meyvə və tərəvəzlər, həmçinin buğda kəpəyi əlavə oluna bilər.

RESEPTLƏR

Səna yarpağı, boymadərən otu, kövrək murdarça qabığı, keşniş toxumu və şirin biyan kökündən ibarət qarışıqdan 1 xörək qaşığı götürülür, üzərinə 200 ml qaynar su tökülə0rək 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Qaynadılmış su əlavə edilərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır, gecə yatmazdan əvvəl 1/2 stəkan qəbul edilir.
2 xörək qaşığı xırdalanmış zəncirotu kökü üzərinə qaynadılıb soyudulmuş su tökülür, 8 saatdan sonra süzülür, gün ərzində 4 dəfə və hər dəfə 1/4 stəkan içilir.
Qurudulmuş dəvətikanı çiçəklərindən dəmlənmiş çay iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.
Ağ tut yarpaqlarından çay dəmlənərək içilir.
Suda bişmiş çuğundur işlətmə dərmanı kimi qəbul edilir.
Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlədici vasitə kimi ərikdən istifadə edilir.
Buzlu su ilə vanna faydalı olsa da, uzun müddət həmin vannada oturmaq zərərlidir. Buz vannası bir neçə saniyədən maksimum 1 dəqiqəyə qədər qəbul edilə bilər. Buz vannasını təkcə adi sudan deyil, bitki dəmləmələrindən də hazırlamaq olar.
Qırmızı çuğundurun kök yumruları yuyulandan sonra qabığı soyulur və sıxılaraq şirəsi çıxarılır. Alınan təzə şirə gündə 3 dəfə və hər dəfə 2-3 stəkan içilir.
1 xörək qaşığı Babasil əleyhinə yığıntının üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur və süzülür. Qaynadılmış su əlavə edilərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır, gecə yatmazdan əvvəl 1/2 stəkan qəbul edilir.
1 çay qaşığı buğda kəpəyi üzərinə 1/4 stəkan ilıq su əlavə edilərək 10-15 dəqiqə saxlayandan sonra içilir. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmayanda gün ərzində qəbul edilən kəpəyin miqdarını tədricən 5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşandan sonra qəbul edilən buğda kəpəyinin miqdarı tədricən 1-2 çay qaşığına azaldılıb çatdırılaraq uzun müddət qəbul edilir.
Qanayan babasil zamanı evkalipt, şam və mumdan hazırlanmış məlhəm, həmçinin at şabalıdı meyvələrinin spirtdə çıxarışı geniş tətbiq olunur.

Elnur RƏHİMOV,

həkim-fitoterapevt