Revmatizm

Revmatizm

Revmatizm əzələ, sümük, vətər, bağ toxuması, xüsusən də oynaq, daxili orqanlar və immun sistemi zədələyən, ağrıya səbəb olan xəstəliklər qrupuna verilən ümumi bir addır. Ağrı ilə bərabər şişkinlik və hərəkət məhdudluğuna səbəb olan revmatizm zaman-zaman deformasiyalar yarada bilər. Demək olar ki, hər yaşda və cinsdə rastlansa da, qadınlar arasında daha çox yayılmışdır. Dəqiq bilinməsə də, iltihablı revmatizm növlərinin genetik olaraq keçdiyi düşünülür, ancaq bu, ailəsində revmatizması olan bir insanın mütləq onu keçirəcəyi anlamına gəlmir. Revmatizmin yaranmasında ətraf mühit amilləri böyük əhəmiyyət kəsb edir. İltihabi olmayan revmatizm tipləri qocalıq, həddindən artıq idman, travmalar və oynaqların aşınmasına səbəb olan genetik faktorlardan qaynaqlanır. Revmatik ağrıların hava şəraitindən yarandığı düşünülsə də, bu fikir doğru deyil.

Revmatizmin növləri

Revmatizmin aşağıdakı növləri vardır. 1. Osteoartrit (kalsifikasiya): Osteoartrit, adətən 50 yaşdan yuxarı insanlarda əl, diz, qalça, onurğanın qığırdaq və sümük toxuması strukturunun pozulmasına gətirib çıxarır. Sümüklərin böyüməsinə və oynaq quruluşunun pozulmasına səbəb olur. Yaşla əlaqədar aşınma kimi həm genetik, həm də mexaniki faktorlardan qaynaqlanan osteoartritə bədənində həddindən artıq yük olan kilolu insanlarda tez-tez rast gəlinir. Xəstələr, xüsusilə səhər saatlarında qısamüddətli sərtlikdən şikayətlənirlər.

2. Revmatoid artrit. Hər yaşda yarana bilən bu xəstəlik çox vaxt gənclik və ya orta yaş dövründə, ən çox da qadınlarda meydana gəlir. Ümumiyyətlə, infeksiyalar səbəbi ilə meydana gələn revmatid artritdə insanın immun sistemi bədənin oynaqlarına “hücum” edərək oynaq mayesinin artması, oynaqlarda şişkinlik və iltihaba səbəb olur. Xəstəlik bilək, topuq, əl və ayaqların kiçik oynaqları, həmçinin çənə, boyun, çiyin, qalça və dizlərə təsir edə bilər. Revmatik ağrı, hərəkətin məhdudlaşdırılması, oynaqlarda temperaturun artması, həssaslıq və şişkinliyin görünməsi əsas simptomlardandır.

3. Fibromialgiya. 25 ilə 55 yaş arası insanlarda daha çox görülür. Əzələ sərtliyi və revmatik ağrılar ilə xarakterizə olunur. Xəstəliyin səbəbi bilinməsə də, ətraf mühit faktorları, travmalar, psixoloji problemlər, hormonal və mərkəzi sinir sistemi xəstəlikləri kimi bir çox faktorlar onun yaranmasında əsas rol oynayır. Fibromialgiya zamanı əl və ayaqlarda uyuşma, bəzi yerlərdə ağrı və həssaslıq, yuxu keyfiyyətinin azalması, yaddaş problemləri və tənəffüs çətinliyi kimi simptomlar görülə bilər. 4. Osteoporoz (sümük itkisi). Sümüklərin mineral sıxlığının azalması səbəbindən zəifləməsi və kövrək olmasıdır. 45 yaşdan yuxarı qadınlarda tez-tez rast gəlinən xəstəlik zəif qamət, donqarlıq, boy qısalması, sümük, bel və boyun ağrısı kimi simptomlara səbəb olur.


5. Spondiloartropatiya. Onurğa və çanaq oynaqlarının iltihabı nəticəsində meydana gələn revmatizm növüdür. Xüsusilə 40 yaşdan əvvəl başlayır. Səhərlər əhəmiyyətli dərəcədə bel ağrısı və sərtlik şikayətləri ilə özünü göstərir. Daban, diz və topuq kimi digər oynaqlarda da ağrı və şişkinliyə səbəb ola bilər. Spondiloartropatiyalar bəzən iltihablı bağırsaq xəstəlikləri və ya psoriaz ilə yanaşı görülə və genital infeksiyadan sonra da inkişaf edə bilər.

Revmatizm simptomları


Revmatizm bir qrup xəstəliyə verilən ümumi ad olduğundan, simptomları da çox geniş diapazonda baş verir. Əksəriyyəti, əsasən əzələ zəifliyi, əzələ və oynaq ağrısı ilə davam edir. Revmatizmdə ümumi simptomlardan bir neçəsi aşağıdakılardır: ətraflarda ağrı və şişkinlik, əzələ ağrıları, zəiflik, hərəkətin məhdudlaşması, oynaqlarda sərtlik, səhər saatlarında oynaqlarda sərtlik, hissiyyatın zəifləməsi, barmaqlarda rəng dəyişikliyi, xüsusilə əl dərisində sərtləşmə, günəşə həssaslıq, gözlərin iltihabı, yuxu problemləri, iştahasızlıq. Görmə məhdudiyyəti və ya itkisi, uzun müddət davam edən qızdırma, ağız quruluğu, həzm problemləri, böyrək funksiyalarında azalma, ürək-damar problemləri, iflic kimi əlamətlər də revmatizmin ümumi simptomları sırasına daxil edilə bilər. . Revmatik simptomları olan insanlar həkimə müraciət edərsə, revmatoloq əvvəlcə xəstənin tibb tarixçəsini götürür və fiziki müayinə keçirir.
Eritrositlərin çökmə sürəti (EÇS) və CRP testləri həyata keçirilir. Əldə edilən məlumatlar əsasında həmin şəxsə revmatizm diaqnozu qoyulur.

https://fizulihuseynov.com/

https://herba-flora.com