fbpx
Close

Raxit xəstəliyi

Raxit xəstəliyi

Raxit xəstəliyi, adətən uşaqlarda həddindən artıq və uzunmüddətli D vitamini çatışmazlığı səbəbi ilə bağlı sümüklərin yumşalması və zəifləməsinə verilən addır. D vitamini çatışmazlığı ilə yanaşı nadir hallarda irsi problemlər də raxit xəstəliyinə səbəb ola bilər. D vitamini insan orqanizminin qidadan kalsium və fosforu mənimsəməsinə kömək edir. Adekvat D vitamininin olmaması bir insanın sümüklərində düzgün və sağlam kalsium və fosfor səviyyələrini saxlamağı çətinləşdirir. Bu isə inkişaf çağında olan uşaqlarda raxit xəstəliyinə səbəb ola bilər. Normal şəraitdə fərdin pəhrizinə D vitamini və ya kalsium əlavə etmək raxitlə əlaqəli sümük problemlərini yaxşılaşdırır. Bununla belə, raxit başqa bir əsas tibbi problemdən qaynaqlanırsa, fərdin əlavə dərmanlara və ya başqa müalicəyə ehtiyacı ola bilər. Raxit nəticəsində yaranan bəzi skelet deformasiyaları üçün plastik cərrahiyyə lazım gəlir. İnsan orqanizmində sümüklərin digər mineral komponenti olan fosfor nadir irsi pozğunluqlara görə aşağı səviyyədədirsə, buna uyğun olaraq digər dərmanlardan istifadə etmək lazımdır. Raxit xəstəliyi insan orqanizmində bir sıra patologiyalaların inkişaf etməsinə səbəb olur.

Raxit xəstəliyinin yaranma səbəbləri

Normal şəraitdə orqanizmin, xüsusən də uşaqların qidadan kalsium və fosforu qəbul etməsi üçün D vitamini lazımdır. Raxit xəsitliyi uşaqlar kifayət qədər D vitamini almadıqda və ya bədənlərində D vitaminini düzgün istifadə etmədikdə baş verir. Bəzi hallarda kifayət qədər kalsium qəbul etməmək və ya həm kalsium, həm də D vitamini çatışmazlığı raxit xəstəliyinə səbəb olur. D vitamini normal şəraitdə iki mənbədən müntəzəm olaraq təmin edilə bilər. Bunlardan birincisi günəş işığıdır. İnsan dərisi günəş işığına məruz qaldıqda D vitamini istehsal edir. Ancaq böyük şəhərlərdəki uşaqlar çöldə daha az vaxt keçirirlər. Bundan əlavə, günəş kreminin istifadəsi də D vitamini istehsalına mane ola bilər. İkincisi, qidalar insanları D vitamini ilə təmin edir. Balıq yağı, yumurta sarısı, qızılbalıq və skumbriya kimi yağlı balıqlarda D vitamini var. Bəzi hallarda uşaqlar orqanizmin D vitamini qəbul etməsinə mənfi təsir edən xəstəliklərlə doğulur. Bu şərtlər arasında ən çox rast gəlinənlər böyrək problemləri, çölyak xəstəliyi, iltihablı bağırsaq xəstəliyidir.Daha az günəş işığı olan şimal və cənub coğrafi ərazilərində yaşayan uşaqlarda raxit ehtimalı daha yüksəkdir.

Xəstəliyin inkişaf riskini artıra bilən müxtəlif amillər vardır. Məsələn, qara dəridə daha çox piqment – melanin var ki, bu da dərinin günəş işığından D vitamini istehsal etmək qabiliyyətini azaldır. Hamiləlik dövründə anada ciddi D vitamini çatışmazlığı körpənin raxit əlamətləri ilə doğulmasına və ya doğuşdan bir neçə ay sonra bu əlamətlərin yaranmasına səbəb ola bilər. Normal doğuş müddətindən əvvəl (yarımçıq) doğulan körpələrin vitamin D səviyyəsi daha aşağı olur, çünki onların analarından vitamin qəbul etməyə vaxtları az olur. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, HİV infeksiyalarının müalicəsində istifadə edilən bəzi qıcolma əleyhinə və antiretrovirus dərmanlar orqanizmin D vitamini istifadəsinə mane ola bilər. Körpəni yalnız ana südü ilə qidalandırmaq raxit xəstəliyinə səbəb ola bilər. Təkcə ana südündə onun qarşısını almaq üçün kifayət qədər D vitamini yoxdur. Yalnız ana südü ilə qidalanan körpələrə əlavə olaraq D vitamini damcıları verilməlidir.

Raxit xəstəliyinin müalicəsi


Günəş işığına məruz qalmaq insan üçün D vitamininin ən yaxşı və ən təsirli mənbəyi ola bilər. Əksər fəsillərdə günorta saatlarında cəmi 10-15 dəqiqə günəşə məruz qalmaq lazım olan D vitaminini istehsal etmək üçün kifayətdir. Bununla belə, tünd dərili insanlar və ya soyuq iqlimdə yaşayan fərdlər, xüsusilə qışda kifayət qədər D vitamini ala bilməyəcəklər. Bundan əlavə, dəri xərçəngi ilə bağlı narahatlıqlar səbəbi ilə, xüsusilə körpələr və kiçik uşaqlar birbaşa günəş işığından qaçınılmalıdır və ya hər zaman günəşdən qoruyucu paltar geyinmələri məsləhətdir. Bu səbəbdən raxit xəstəliyinin qarşısını almaq üçün uşaqlara təbii olaraq D vitamini olan qidalar verilməlidir. Bunlara qızılbalıq, skumbriya balığı, balıq yağı, yumurta sarısı kimi qidalar daxildir. Bundan başqa uşaq qidası, çörək, taxıl, süd, qatıq və D vitamini ilə zənginləşdirilmiş pendir kimi süd məhsulları, portağal suyu uşaqlarda D vitamini çatışmazlığını aradan qaldıra bilər. Hamilələr D vitamini əlavələrindən istifadə etmək üçün həkimlərinə müraciət etməlidir.
Raxit müalicə olunmazsa, müxtəlif fəsadlara səbəb ola bilər. Bunlara anormal əyilmiş onurğa, böyümənin dayanması, diş qüsurları, sümük deformasiyaları və titrəmələr daxildir.Buna görə uşaqlar sümük ağrısı və ya əzələ zəifliyindən şikayətləndikdə və ya aşkar skelet deformasiyaları inkişaf etdikdə dərhal həkimə müraciət edilməlidir.

Raxit xəstəliyinin müayinəsi


Normal fiziki müayinə zamanı həkim uşaqların sümüklərinə yumşaq bir şəkildə basaraq anormallıqları yoxlayacaq. Həkim uşağın kəllə sümüyünə xüsusi diqqət yetirəcəkdir. Raxitli körpələrin kəllə sümükləri daha yumşaq olur və onların əmgəklərinin bağlanmasında gecikmə baş verir. Raxit xəstəliyi olan uşaqların biləkləri və topuqları çox vaxt normaldan daha böyük və ya qalın olur. Sağlam körpələrin ayaqlarında belə müəyyən qədər əyrilik olsa da, raxitdə ayaqların həddən artıq əyilməsi müşahidə edilir. Həkim raxitdən şübhələnirsə, zədələnmiş sümüklərin rentgenoqrafiyasını təyin edə bilər. Bu rentgen şüaları sümük deformasiyalarını aşkar etmək üçündür. Bundan əlavə, qan və sidik testləri həm raxit diaqnozunu təsdiqləyir, həm də səbəbini və hansı müalicənin istifadə olunacağını müəyyənləşdirməyə kömək edir. Bir çox hallarda D vitamini və kalsium preparatları ilə müalicə edilə bilər. Ancaq D vitamininin nə qədər veriləcəyi ilə bağlı həkim məsləhətinə riayət etmək lazımdır. Həddindən artıq D vitamini bədənə zərər verə bilər. Həkim rentgen və qan testləri ilə fərdin vəziyyətinin gedişatını yaxından izləyəcək. Bir şəxsdə fosforun azalmasına səbəb olan nadir bir irsi xəstəlik varsa, bunu düzəltmək üçün şəxsə əlavələr və dərmanlar təyin olunur. Bəzi əyri ayaqlar və ya onurğa deformasiyaları üçün həkim sümüklər böyüdükcə fərdin bədənini düzgün yerləşdirmək üçün xüsusi dayaqlar tövsiyə edə bilər. Daha ağır skelet deformasiyaları zamanı cərrahi müdaxiləyə ehtiyac olur.

https://fizulihuseynov.com/

https://herba-flora.com/