fbpx
Close

Qida təhlükəsizliyi və sağlamlıq

Qida təhlükəsizliyi və sağlamlıq

Təhlükəsiz qidalanma sağlamlığın əsas prinsipidir. İnsanların davamlı sosial inkişafını cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Lakin 1960-cı ildən başlayan eksponensial əhali artışı, texnologiya və qloballaşma nəticəsində sürətlənən yaşayış tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyata tətbiqini çətinləşdirir. Hazırda 8 milyarda yaxın dünya əhalisinin ərzaq ehtiyacını qarşılamaqla yanaşı, bu qidaların istehsal və beynəlxalq ticarətinin davamlılığını, eləcə də məhsulların kimyəvi və mikrobioloji təmizliyini təmin etmək vacibdir.

Sağlam qidalanma

Ərzaqların saxlanması ilə yanaşı, qəbul edilən qidalar arasında uyğunluğun gözlənilməsinə riayət etmək də sağlamlıq, qida təhlükəsizliyi üçün önəmlidir. Düzgün seçilmiş emal üsulu yaxşı dad əldə etməyə, eləcə də ət məhsullarında olan qiymətli, qidalı maddələrin saxlanmasına imkan verir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Mayenin düzgün qəbul edilməsi də vacib şərtdir. Xüsusən də boş mədəyə qətiyyən spirtli içki qəbul etmək olmaz. Bu, ən yüngül içki olsa belə. Əks halda içki qana asanlıqla və sürətlə sorulur ki, qaraciyər, böyrək və ürəyə mənfi təsir göstərir.

Evdə hazırlanmış turşu və marinadların hazırlanma qaydalarına düzgün riayət edilmədikdə qida toksiko-infeksiyalarına, xüsusilə botulizm mikroorqanizmlərinin toksinləri ilə zəhərlənməyə səbəb olur. Bundan başqa, müxtəlif şoraba və marinadların spirtli içki ilə yanaşı istehlakı tövsiyə edilmir. Belə qidalar orqanizmdə mayenin uzun müddət qalmasına səbəb olur. Bu da toksinlərin bədəndən xaric olunmasının qarşısını alır. Maye olaraq kompota, xüsusən də pomidor şirəsinə üstünlük verilməlidir. Pomidor şirəsi pendir, çərəz və zeytun yağı ilə birlikdə orqanizm tərəfindən yaxşı mənimsənilməklə bərabər, ət və balıq yeməklərini də tamamlayır. Gavalı şirəsi tərəvəz salatları ilə, alma şirəsi isə desertlərlə harmoniya təşkil edir.

Bəzən insanlar aclıq hissini öldürmək üçün tez-tələsik pizza və qazlı sular kimi yüksək kalorili, zərərli qidalara can atırlar. Bu tip qida məhsullarını xüsusən də, boş mədəyə qəbul etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Qida zəhərlənməsi hallarının qarşısını almaq, təhlükəsiz və sağlam qida qəbul etmək üçün yeməklərin hazırlandıqdan sonra bir neçə gün saxlanılmaması tövsiyə olunur. Bundan başqa ət və ət məhsullarının donunun açılması prosesini və bişirmə temperaturunu düzgün seçmək, həmçinin meyvə-tərəvəzin yuyulma qaydalarına əməl etmək lazımdır. Belə ki, düzgün yuyulmayan meyvə-tərəvəzin üzərində zərərli orqanizmlərin qalması qida zəhərlənmələrinə səbəb ola bilər. Torpaqla birbaşa təmasda olan tərəvəz və göyərtilərin təmiz yuyulmaması helmintlərlə yoluxmaya səbəb olur.

Balıq məhsulu alarkən məhsulun təzəliyindən əmin olmaq və evə gətirdikdən sonra onu düzgün saxlamaq tövsiyə olunur. Alış-veriş edərkən tez xarab olan məhsulları (soyudulmuş, dondurulmuş məhsulları) sonda almaq məsləhət görülür. Çünki bu kimi qidalar mikrobioloji çirklənməyə daha çox məruz qalır. Ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur. Odur ki, bunun qarşısını almaq və qidaların təzə qalması üçün soyuq zəncir istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır. Bundan başqa məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaq lazımdır.

https://herba-flora.com/

https://fizulihuseynov.com/