fbpx
Close

İnterstisial sistit

İnterstisial sistit

Sistit sidik kisəsinin iltihabıdır. Ən çox rast gəlinən səbəbi bakteriyaların yaratdığı infeksiyalardır. Qadınlarda daha çox müşahidə olunur, çünki sidik kisəsindən sidik çıxaran uretra adlanan boru kişilərə nisbətən daha qısadır. İnterstisial sistit sidik kisəsində infeksiya əlamətləri olmadan onun divarının iltihabı və qıcıqlanmasıdır. Ağrılı sidik kisəsi sindromu olaraq da bilinən interstisial sistit, sidik kisəsində ağrı, yanmanın mövcud olduğu uzunmüddətli (xroniki) bir problemdir. Gənclərdə baş verə bilsə də, ən çox 30-40 yaş arasındakı inanlarda olur. Bundan əlavə, qadınlarda kişilərə nisbətən 9-10 dəfə çox aşkar edilir. İnterstisial sistitin səbəbləri və simptomları müxtəlifdir.

Xəstəliyin səbəbləri hələ dəqiq müəyyən edilməsə də, araşdırmalara görə aşağıdakı amillərin rol oynaya biləcəyi düşünülür.
1. Epitelin (sidik kisəsini içəridən örtən qoruyucu təbəqə) və ya sidik kisəsinin zədələnməsi. Epiteldə müəyyən bir aşınma sidikdəki zəhərli maddələrin kisəni qıcıqlandırmasına səbəb ola bilər.
2. İmmunitet sisteminin həddindən artıq reaksiyası.
3. Allergik reaksiya.
4. Tez-tez baş verən sidik yolları infeksiyaları.
5. Sidiyin tərkibində müxtəlif qıcıqlandırıcıların olması.
6. Sidik kisəsini idarə edən sinirlərin zədələnməsi.
7. İrsi səbəblər.

İnterstisial sistit daha çox fibromioma və narahat bağırsaq sindromu olan insanlarda rast gəlinir. Əsas simptom kimi xəstələrdə tez-tez sidiyəgetmə, sidik kisəsində təzyiq hissi, sidik ifrazı zamanı ağrı və gərginlik müşahidə olunur. Bəzən çanaq nahiyəsinin əzələlərində spazmabənzər ağrılara da rast gəlmək olar. Bu, uzunsürən, xroniki xəstəlikdir. İnterstisial sistitin əlamətləri və simptomları insandan-insana dəyişir. Əgər sizdə interstisial sistit varsa, simptomlarınız vaxt keçdikcə fərqli ola bilər. Menstruasiya dövrləri, uzunmüddətli oturma, stress, məşq və cinsi fəaliyyət kimi faktorlara cavab olaraq vaxtaşırı kəskinləşmə yarana bilər.

İnterstisial sistitin simptomları

İnterstisial sistitin əsas simptomları bunlardır:
1. Gecə-gündüz az miqdarda tez-tez sidiyə çıxma.
2. Ani sidiyə çağırış.
3. Sidik kisəsində və ya qarının aşağı nahiyəsində ağrı.
4. Xroniki çanaq ağrısı (ən azı 6 ay davam edən və keçməyən, bütün çanağı əhatələyən ağrı).
5. Anus və perianal hissədə ağrı (anus və cinsiyyət orqanları arasındakı hissə).
6. Cinsi əlaqə zamanı ağrı və aşağı libido.

Bunlardan başqa, interstisial sistit sidik kisəsi divarının qalınlaşması ilə daha az sidik saxlamağa səbəb olur. Tez-tez sidiyəgetmə, ağrı gündəlik və ictimai fəaliyyətə, cinsi həyata mənfi təsir etməklə həyat keyfiyyətini aşağı salır. İnterstisial sistit ilə əlaqəli xroniki ağrı və fasiləsiz yuxusuzluqdan yaranan stress depressiyaya səbəb ola bilər. Buna görə də həyat keyfiyyətinizi yüksəltmək və şikayətləri azaltmaq üçün həkimə müraciət etmək və müalicə vacibdir.
İnterstisial sistitin simptomları digər çanaq orqanlarının xəstəlikləri ilə qarışdırıla biləcəyi üçün həkiminiz əvvəlcə bu xəstəlikləri istisna etmək üçün bəzi testlər edərək ağrınızın başqa bir xəstəlikdən qaynaqlandığını araşdırmalıdır. Bənzər simptomları olan bu xəstəliklərə aşağıdakılar daxildir: böyrək daşı xəstəliyi, təkrarlanan sidik yollarının infeksiyası, sidik kisəsi xərçəngi, cinsi yolla keçən xəstəliklər, endometrioz, prostatit. Bundan əlavə, xəstənin digər şikayətlərini, gündəlik sidik ifrazını müəyyənləşdirərək sistoskopiya adlı xüsusi kamera ilə sidik yolları və sidik kisəsini yoxlamalıdır. Bu xəstəliklərin diaqnozu üçün testlər mənfi olsa, altı həftədən çox sidik kisəsi ağrısı varsa, interstisial sistitdən şübhələnə bilərsiniz.

https://fizulihuseynov.com/

https://herba-flora.com/