Heyva

Heyva

Heyva Allahın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Ürəkaçan qoxusu, gözoxşayan görünüşü, rəngi, dadı və saysız faydaları ilə həyatımızı bəzəyir. Vitamin A, C, B2, PP, A, B1, B6 , beta-karotin, şəkər, protein, dəmir və bir çox mikroelementlərlə zəngindir. Heyva payız fəslində yetişdiyi üçün üç fəslin (payız, qış,yaz) üçündə də süfrələrimizi bəzəyir. Heyvanın əsas xüsusiyyətlərindən biri çox lifli meyvə olmasıdır ki, bununla o mədə-bağırsaq sisteminin işini və həzmi normallaşdırır, ishalı aradan qaldırır. Xalq təbabətində heyvanın həm ğövdəsindən, yarpağından, meyvəsindən, toxumundan həm də çiçəyindən müxtəlif məqsədlər üçün istifadə olunur.

Gövdə və yarpaqlarının dəmləməsi qaraciyərin fəaliyyətini yaxşılaşdırır, orqanizmi toksinlərdən təmizləyir, ürəkdöyünmələrinin sayını azaldaraq normaya salır, aritmiyanı aradan qaldırır. Heyva çiçəyinin dəmləməsi və balla qarışımı ən çox ürək xəstəliklərində istifadə olunur. Hamımıza məlumdur ki, heyvanın toxumları digər meyvələrdən fərqli olaraq toxum yatağında qatı, jelatinəbənzər selikli maddə ilə əhatə olunmuşdur ki, bu maddə bəlğəmgətirici xüsusiyyətə malikdir. Yuxarı tənəffüs yollarının bir sıra: bronxit, faringit, laringit, traxeit kimi xəstəliklərində heyvanın toxumları toxum yatağı ilə birlikdə dəmləmə şəklində istifadə olunur və bəlğəmgətirici kimi yüksək effekt verir. Dəmləmənin südartırıcı effektini də qeyd etmək olar. Bundan başqa heyva süfrələrimizi qida kimi bəzəyir. Onun xoş ətrinin bir neçə metr özündən kənara yayması xüsusiyyəti var. Heyvanın meyvəsindən cürbəcür mürəbbələr, cemlər və kompotlar hazırlanır. Gec xarab olan meyvə olduğu üçün uzun müddət saxlamaq və meyvəsinin lətindən və qabığından da dəmləmə şəklində istifadə etmək olur.

Maraqlıdır ki, Azərbaycanın bir çox bölgələrində heyva yarpağından dolma bükürlər. Bu, yaz fəsli gələndə heyva ağacının təzə açmış yarpaqlarından bükülür. Heyva bir qədər bərk konsistensiyalı olduğu üçün çeynəyərkən və həzm olunarkən ağız boşluğunun və mədə-bağırsağın selikli qişasının təmizlənməsinə də səbəb olur. Beləlilkə, heyva tənəffüs sistemi, ürək qan-damar sistemi, həzm sisteminin bir çox xəstəliklərində xalq təbabətində geniş istifadə olunur. Həmçinin heyvanın əsəbləri sakitləşdirmək xüsusiyyəti vardır.

Müəllif: Qəndab Axundova
həkim-nevroloq

FİZULİ HÜSEYNOV

Bitkilərlə Müalicə, Dərman Bitkiləri – Herba Flora