Haşimoto nədir?

Haşimoto nədir?

Haşimoto qalxanabənzər vəzin autoimmun xəstəliklər qrupuna aiddir. Belə ki, bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan kimi qəbul edir və məhv etməyə çalışır. Başqa adı autoimmun tireoidit olan bu xəstəlik kişilərə nisbətən qadınlar arasında daha geniş yayılmışdır. Xəstəlik qanda anti-TPO və anti-Tq yüksək olması ilə diqqəti çəkir. Bu antitellər qalxanabənzər vəzin hüceyrələrini məhv edir və onun funksiyasını zəiflədir. Beləliklə, tiroid vəzi işləyə bilmir və ifraz etdiyi hormonların səviyyəsi getdikcə azalır. Xəstəlik ən çox 30-50 yaş arası qadınlarda görülür.
Haşimotonun qalxanabənzər vəzdə yarada biləcəyi bir başqa problem də düyünlərin əmələ gəlməsidir. Ümumiyyətlə, qalxanabənzər vəzin böyüməsi, xüsusilə başlanğıcda sürətli olur və düyün əmələ gəlməsi onu prosesdə müşayiət edə bilər. Qalxanabənzər vəzin düyünlü və ya düyünsüz böyüməsinə “zob” deyilir.

Haşimoto xəstəliyinin irsi-ailəvi xarakterinin mühüm rol oynadığı təxmin edilir. Bəzi risk faktorları xəstəlik hallarını artırır: cins, yaş, irsiyyət, immunitetlə bağlı patoloji vəziyyət və s. Qadınlarda xəstəliyin rastgəlmə tezliyi kişilərə nisbətən daha yüksəkdir. Xəstəlik hər yaşda baş verə bilər, lakin ümumiyyətlə ən çox hallarda orta yaşlarda görülür. Əsas simptomları zəiflik, tez yorulma, yavaş hərəkət, depressiv hal, ətraflarda soyuma, əllərdə və ayaqlarda ödem, tərləmənin azalması, boğulma, qəbizlik, anormal bədən çəkisi, həddindən artıq iştaha, unutqanlıq, konsentrasiyanın azalması, qadınlarda aybaşının azalması və ya olmamasından ibarətdir. Lakin yenə də simptomlar insandan insana dəyişir.

Haşimoto xəstəliyinin diaqnozu

 

Haşimoto xəstəliyinin diaqnozu xəstədən toplanan anamnezə, xəstənin şikayətlərinə, həkim tərəfindən müayinəsinə, USM və digər laborator analizlərə əsasən qoyulur. İlk növbədə qanda TSH, T3 və T4 hormonları yoxlanılır. Tiroidin quruluşu və ölçüsü üçün ultrasəs müayinəsi aparılır. Əsas differensial diaqnoz qanda yüksək miqdarda anti-TPO və antitiroqlobulin antitelləridir. Bu müayinələrlə həm diaqnoz qoyulur, həm də xəstəliyin mərhələsi təyin olunur. İlkin mərhələdə hormon səviyyələri normal olsa da, antitellər çox olur. Hormon səviyyələri də zamanla dəyişə bilər. Haşimoto tiroiditindən sonra hipotiroidizmin inkişaf edəcəyi hər zaman düşünülməlidir, lakin bəzən qısa müddətlərdə belə hipertiroidizm, başqa sözlə, tiroid vəzin həddindən artıq işləməsi ilə qarşılaşmaq mümkündür. Qalxanabənzər vəz hormonlarının səviyyəsi normaldırsa, Haşimoto tiroiditində heç bir müalicəyə ehtiyac yoxdur. Bununla yanaşı altı ayda və ya ildə bir dəfə qan analizi verilməlidir.

Hipotireozun müalicəsində tiroid vəzin məhv olmasının qarşısını alan bir müalicə yoxdur. Bunun əvəzinə dərmanlarla əlavə hormonlar verilərək müalicə tətbiq olunur. Bu şəkildə xəstənin şikayətləri aradan qaldırılır və vəziyyəti yüngülləşir. Zob yaxşılaşmırsa, ağrıya və ya udma, nəfəsalma, danışmada problemlərə səbəb olarsa, qalxanabənzər vəzin çıxarılması üçün əməliyyat tələb oluna bilər. Hipotireoz inkişaf etmişsə, tiroid hormonunu əvəzetmə müalicəsinə başlanılır. Laboratoriya müayinələri heç bir müalicə edilmədən həyata keçirilir.

Haşimoto xəstəliyi ilə qalxanabənzər vəz xərçənginin inkişafı arasında mütləq bir əlaqə yoxdur. Qalxanabənzər vəz xərçənginin inkişafı üçün tiroid toxumasında düyünlər meydana gəlməli və bəziləri xərçəngə çevrilməlidir. Düyün inkişafı Haşimoto tiroiditi əsasında sürətlənə bilər. Buna görə də xərçəngə səbəb olduğu barədə bir fikir vardır.

https://herba-flora.com

https://fizulihuseynov.com/