fbpx
Close

Göyümçiçək

Göyümçiçək

Göyümçiçək mavi rəngli, çoxillik ot bitkisidir. Təbii halda bu bitkiyə, əsasən Avrasiya qitəsi, Rusiyanın Avropa hissəsi və Qərbi Sibirdə rast gəlinir. Dünyanın bir çox ölkələrində isə göyümçiçək becərilərək istifadə olunur. “Yaqub nərdivanı” adının verilməsi bitkinin yaşıllığı ilə əlaqədardır. Göyümçiçək bitkisi həm də “Cənnətə nərdivan” adlanır. Çiçəyin əsas rəngi göy-mavidir, lakin çəhrayı və ağ çeşidləri də var. “Yaqub nərdivanı”nın bütün növləri yaşıllığı ilə dəyərlidir. Çiçək açmadan da hər fəsildə yaxşı görünən, gözoxşayan, rəngli bitki görünüşünə malikdir. Digər növlərinin baharda zümrüd rənginə çevrilən bənövşəyi rəngli yarpaqları var. Bu bitkilər hər hansı bir bağ-bağçaya əlavə edilərsə, onları qismən kölgədə saxlayır. Bu çoxillik bitki bəzi mühitlərdə yaxşı böyüyür, bəzilərində isə həssasdır. Göyümçiçək bitkisi yaxşı qurudulmuş torpağa üstünlük verir. Uzun müddət dayanan suya və ya həddindən artıq nəm torpağa əkilərsə, bitməyəcəkdir. Bitki zəngin, üzvi torpaqlarda inkişaf edir, buna görə yoxsul torpağa göyümçiçək əkmək üçün üzvi və mineral gübrələr əlavə etmək yaxşı bir fikirdir.

Göyümçiçək müalicəvi təsiri

Müalicə məqsədi ilə xammal kimi göyümçiçəyin çiçəyi ilə yanaşı kökündən və kökümsovundan istifadə olunur ki, bişirmə və yığıntıların tərkibində qəbul edilir. Bitkinin kökümsovu ilə köklərinin tərkibində əsas təsiredici maddələr sirkə, tiqlin, propion və izobutil spirtləridir. Göyümçiçək bitkisinin xammalının tərkibində, həmçinin üzvi turşular, kumarinlər, flavonoidlər, piyli yağlar, qətran və s. vardır. Bitkinin vegetasiyasının birinci ilinin payız aylarında və yaxud ikinci ilin yaz və payız aylarında kökümsov və kökləri xammal kimi tədarük olunur. Tərkibindəki maddələrə görə göyümçiçəkdən ürək-qan damar sistemi xəstəlikərində, qaraciyər xəstəliklərində, tənəffüs sistemi xəstəliklərində və həmçinin həzm sistemi xəstəliklərində istifadə olunur.

Göyümçiçək tənəffüs sisteminin infeksion mənşəli ağciyər vərəmi, göyöskürək və bağırsaq infeksiyası olan dizenteriya törədicilərinə qarşı antibakterial təsir göstərir. Həmçinin ocaqlı pnevmoniya, bronxit, bronxoektaz kimi xəstəliklərin əsas simptomlarından biri olan öskürəkəleyhinə də təsiri vardır. Ürək-damar sistemi xəstəliklərində damar mənşəli distoniya, stenokardiya, arterial hipertenziya, kardionevroz kimi xəstəliklərin müalicəsində hipotenziv və sedativ effekt verir. Həzm sistemi xəstəliklərindən mədə və onikibarmaq bağırsağın xora xəstəliyində müsbət nəticələr əldə edilir. Bildiyimiz kimi kumarin maddəsi K vitamininin antaqonisti olduğuna görə kumarinlə zəngin olan göyümçiçək bitkisi qandurulducu təsirə malikdir. Bitkinin çiçəkləri sinir sistemini sakitləşdirir, yuxunu normallaşdırır, zəif təzyiqsalıcı təsir göstərir.

Bitkinin sinir sisteminə təsiri digər orqan və sistemlərin fəaliyyətinə təsirindən daha üstündür. Mərkəzi sinir sisteminə yuxugətirici, əsəbləri sakitləşdirici və anti depressiv təsir edir. Digər sakitləşdirici bitkilərdən fərqli olaraq Göyümçiçək mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir etmir, əksinə tərkibində selik olduğuna görə bürüyücü effekt verərək mədə-bağırsaq sisteminə də sakitləşdirici və peristaltikanı normallaşdırıcı təsir göstərir. Yuxugətirici effekti yüksək olduğu üçün avtomobil idarə edilən zaman istifadəsi məsləhət deyil. Göyümçiçək Serebral ateroskleroz və arterial hipertenziya ilə əlaqədar olaraq başda və qulaqda küylərin əmələ gəlməsinin qarşısını alır. Tək dəmləməsinin yuxugətirici və sakitləşdirici təsiri pişikotuna nisbətən 5-6 dəfə çoxdur. Göyümçiçəyin dəmləməsi yuxusuzluq, əsəbilik, gərginlik, aqressivlik, qorxu və həyəcan, fiziki və zehni yorğunluq, kardionevroz və yuxu ritminin müxtəlif tip pozulmalarında yüksək təsir effektinə malikdir.

Beləliklə, “Yaqub nərdivanı” və yaxud “Cənnətə nərdivan” adlandırılan göyümçiçək bitkisi həm gözəlliyi, həm də müalicəvi əhəmiyyəti ilə adına layiq bir bitki olduğunu sübut edir.

https://fizulihuseynov.com/

https://herba-flora.com/