Burun Tutulması Zamanı nə Etməli?

Burun Tutulması Zamanı nə Etməli?

Burun tutulması çox narahatedici bir hal olub müxtəlif səbəblərdən yaranır:

1) Burnu  iki hissəyə ayıran “septum” adlanan çəpərin sağa və ya sola əyilməsi

2) Burun tavanının anadangəlmə darlığı

3) Allergik rinit

4) Sinusit

5) Polip

7) Hormonal pozğunluqlar  və s.

 

Bu zaman burnun selikli qişasında yaranan şişkinlik, ödem, selik ifrazının artması burun tutulmasına səbəb olur. Allergik xəstəliklər zamanı burunda selik axmadan da tutulma baş verə bilir. Bu selikli qişanın şişkinləşməsi nəticəsində olur. Hormonal pozğunluqlar da burun “ətlərinin” şişməsinə və tutulmasına səbəb olur. Hamiləlik zamanı bu hal tez-tez baş verir.

 

Burun tutulması uzun müddət davam etdikdə göstərilən  halların əmələ gəlməsinə səbəb olur:

Daim ağızdan nəfəs alındığı üçün boğaz infeksiyaları

Yuxu rejiminin pozulması

Xoruldama

Səhər yuxudan yorğun oyanma

Xroniki yorğunluq sindromu

Ağız quruluğu

Səsin dəyişməsi

Baş ağrısı

Uşaqlarda gecə yerini islatma halları

İştahasızlıq.

 

Burun tutulması astma və miqrenxəstəliklərinin kəskinləşməsinə səbəb olur. Ona görə də bu problemə ciddi yanaşılmalı və tez müalicə edilməlidir. Çəpər əyriliyi və digər daralmalar varsa, cərrahi əməliyyat olunmalı, digər hallarda isə dərman yaxud alternativ üsullarla müalicəsi aparılmalıdır.

 

 

XALQ TƏBABƏTİ

Burun tutulmasında təbii vasitələr də yaxşı nəticə verir: duz və ya çay sodası qatılmış su ilə burnun yuyulması, zeytun yağı damızdırmaq, bitki dəmləməsinin buxarı ilə nəfəs almaq (adaçayı, çobanyastığı, kəklikotu, nanə), nanə-limon çayı içmək, soğan və sarımsaq iyləmək. Teasept çayının dəmləməsini pipet və ya şprislə buruna tökmək, onunla qarqara etmək, Fitooil Qara zirə yağı ilə Fitooil Zeytun yağını yarıbayarı nisbətdə qarışdırıb buruna damızdırmaq da effektiv üsullardandır.

 

 

İlhamə MƏMMƏDOVA,

həkim-pediatr