Qırxbuğum nədir?
Qırxbuğum – tərkibi əsas aktiv maddə flavonoidlərdən, silisium turşusu birləşmələrindən, C, K vitaminlərindən, digər bioloji aktiv maddələrdən ibarət olan və fiziki təsirlərə qarşı çox dözümlü olan ot bitkisidir. Qırxbuğumu həmçinin düyünotu, çəmənotu, yolotu, quşotu da adlandırırlar. Qırxbuğum yerə sərilən nazik, budaqlanan gövdələrə malikdir, onun kiçik yaşıl yarpaqları və kiçik çiçəkləri bitkiyə fərqli görünüş verir. Qırxbuğum tez-tez çəmənliklərdə, meşə kənarlarında, yol kənarı boyunca və çöl ərazilərdə tapıla bilir. Qədim dövrlərdən bəri müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində istifadə olunur və bir çox təbiblər onu müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunan qarışımlara əlavə edirlər. Bu bitkinin sadəliyinə baxmayaraq, heyrətamiz müalicəvi xüsusiyyətlərə malikdir. Bu yazıda qırxbuğumun bioloji xüsusiyyətlərini, faydalı və zərərli xüsusiyyətlərini, eləcə də xalq təbabətində istifadə üsullarını nəzərdən keçirəcəyik.
Qırxbuğumun xüsusiyyətləri
Diuretik
Daşəridən
İltihab əleyhinə
Antitoksik
Hipotenziv
Büzücü
Antibakterial
Hemostatik
İmmunostimulyator
Qırxbuğumun müalicəvi xüsusiyyətləri
Qırxbuğum otu böyrək yumaqcıqlarında filtrasiyanı və sidik ifrazını artırır, natrium və xlor ionlarının artığını bədəndən xaric edir. Böyrək yumaqcıqlarının borucuqlarında reabsorbsiyanı azaldır, mineral duzların kristallaşma dərəcəsini azaltmaqla sidik daşlarının əmələ gəlməsinin qarşısını alır. Antitoksik və yüngül təzyiqsalıcı təsir göstərir. Büzücü, iltihab əleyhinə, antimikrob xüsusiyyətlərə malikdir. Mədə və bağırsaqların selikli qişasının iltihabını azaldır, zərərli bakteriyaların çoxalmasını ləngidir. Qırxbuğum otunun sulu ekstraktı qan laxtalanmasını artırır, hemostatik təsir göstərir, kapilyar divarının keçiriciliyi azaldır, saya əzələli orqanların, bədənin xarici mühit faktorlarına qarşı müqavimətini artırır, faqositozu stimullaşdırır və immun sistemin fəaliyyətini gücləndirir.
Böyrək daşlarını və kristallarını əritmək üçün qırxbuğum otu dəmləməsi qəbul etmək tövsiyə olunur. Bu bitki adətən kiçik daşları ərimək üçün bir vasitə kimi kombinə olunmuş müalicədə istifadə olunur. Bioloji aktiv maddələrin (əsasən askorbin turşusu, K, C vitaminləri) hesabına maddələr mübadiləsini sürətləndirir, silisium turşuları isə sidikdə müdafiə kolloidləri əmələ gətirərək duz kristallarının bir-birinə yapışaraq iri daşlara çevrilməsinin qarşısını alır.
Qırxbuğumun ürək-damar sisteminə faydalı təsiri tərkibindəki çoxlu miqdarda flavonoidlər hesabınadır. Bu maddələr qan damarlarının divarlarını gücləndirməyə, onların elastikliyini artırmağa kömək edir. Qırxbuğum qan təzyiqini normallaşdırmağa da kömək edə bilər ki, bu da hipertoniyadan əziyyət çəkən insanlar üçün xüsusilə faydalıdır. Flavonoidlərin antioksidant xüsusiyyətləri sayəsində isə ürək əzələsini oksidləşdirici stressin yaratdığı zədələrdən qorumağa və qan dövranını yaxşılaşdırmağa kömək edir. Bitki aterosklerozun qarşısını almaq üçün istifadə olunur, çünki qanda xolesterol səviyyəsini azaltmağa və xolesterol lövhəciklərinin meydana gəlməsinin qarşısını almağa kömək edir.
Qırxbuğum sidikqovucu xüsusiyyətlərə malik olduğundan bədəndən artıq mayenin çıxarılmasına kömək edir, şişkinliyi azaldır və durğunluğun qarşısını alır. Qırxbuğum xüsusilə sistit və pielonefrit kimi sidik kisəsi və böyrəklərin iltihabi xəstəlikləri üçün faydalıdır. Bitki duzları və toksinləri çıxarmağa kömək edir, bu da böyrək daşlarının meydana gəlməsinin qarşısını alır. Həmçinin, bu ot sidik axarlarının funksiyasını yaxşılaşdırmaq üçün istifadə edilə bilər ki, bu da sidik yollarının infeksiyalarının qarşısını almağa kömək edir.
Taninlərin, vitamin və mineralların tərkibinə görə qırxbuğum otu tonik xüsusiyyətlərə malikdir. Təbii iltihab əleyhinə komponentləri sayəsində bədəndə revmatizm və artrit kimi iltihabi prosesləri azaltmağa kömək edir. Qırxbuğumun tərkibində olan C vitamini immun sistemi gücləndirməyə, bədənin müdafiəsini artırmağa və infeksiyalarla mübarizə aparmağa kömək edir. Bu bitki həmçinin xəstəlikdən sonra bədənin bərpa prosesini sürətləndirməyə kömək edir, güc və enerji verir ki, bu da soyuqdəymə və virus infeksiyalarından sonra sağalma dövründə xüsusilə vacibdir.
Çoxsaylı müalicəvi xüsusiyyətlərinə baxmayaraq, qırxbuğum otu bir sıra əks göstərişlərə malikdir. Xüsusilə tromboz və qan laxtalanması yüksək olan hallarda, bəzi ürək-damar xəstəlikləri olan insanlar tərəfindən istifadəsi tövsiyə edilmir. Qırxbuğum istifadə şərtlərindən asılı olaraq həm faydalı, həm də zərərli ola bilən universal bir vasitədir. Tövsiyələrə diqqətlə riayət edərək və əks-göstərişləri nəzərə alaraq, bu heyrətamiz otun müalicəvi xüsusiyyətlərindən maksimum fayda əldə edə bilərsiniz. Arzuolunmaz nəticələrdən qaçınmaq və müalicədə ən yaxşı nəticələr əldə etmək üçün xalq üsullarından istifadə etməzdən əvvəl həkimə müraciət etməkdə fayda var.
- Herba Flora şirkəti qırxbuğumu müalicəvi əhəmiyyətli bitki olaraq ot şəklində istehsal edir.