Bədrəncotu

Bədrəncotu

Dərman  bədrəncotu (melissa) ta qədimdən insanlar tərəfindən təbi üsullarla müalicə məqsədi ilə istifadə olunmuşdur. Bu bitkinin müasir tibb aləmində tətbiqi də geniş yayılmışdır. Həmçinin “ballı nanə” adlandırılan dərman bədrəncotunun digər adları “peyğəmbər pencəri” və “limonotu”dur. Çox güman ki, sonuncu iki adı bitkinin limon qoxusuna bənzəyən gözəl, ürəyəyatan və nəfəsi genişləndirən qoxusuna görə verilmişdir. Bədrəncotu efir yağları və aşı maddələrlə zəngindir. Flavonoid və fenol turşuları ilə də zəngin olan bədrəncotunun tərkibində kifayət qədər kumarin, ursul turşusu və vitaminlər vardır. Dadı bir qədər yandırıcı və iyi aromatikdir.

Dərman bədrəncotunun farmokologiyada istifasi

Dərman bədrəncotundan farmokologiyada istifadə etmək üçün kölgəli yerdə qurutmaq daha məqsədəuyğundur. Əsas təsiri sakitləşdirici xüsusiyyətinə görədir. Xüsusilə dəmləmə şəklində istifadə olunan dərman bədrəncotunun yuxusuzluqda və əsəb gərginliyində geniş istifadəsi hamımıza məlumdur. Bəzi bölgələrimiz “peyğəmbər pencəri” adlandırdıqları bu bitkidən qida vasitəsi kimi də istifadə edirlər. Əksər ölkələrin farmakopeyalarına daxil olan bədrəncotu ürək qan-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bütün Avropa ölkələrində əsasında təsiredici maddə kimi bu bitki olan yüzlərlə preparat istehsal olunur. Həmin preparatların tərkibində dərman bədrəncotu sedativ, spazmolitik, ağrıkəsici, hipotenziv və həzm prosesini yaxşılaşdırıcı vasitə kimi təsir göstərir. Koronar damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır. Ürək nahiyəsindəki ağrıları aradan qaldırır, ürəkdöyünmələrinin sayını azaldır, arterial təzyiqi aşağı salır, yüngül sidikqovucu effekt verir. Sinir sisteminə sakitləşdirici təsir göstərir.

Bədrəncotu bitkisini tək və bir neçə bitkinin qarışığı ilə birlikdə dəmləmə şəklində istifadə etmək orqanizm üçün çox xeyirlidir. Pişikotu kökü, damotu otu, yemişan çiçəyi, istiotlu nanə yarpağı kimi bitkilərin dərman bədrəncotu bitkisi ilə birlikdə dəmləməsi daha effektivdir. Dəmləmə benzodiazepin reseptorlarına təsiri nəticəsində sedativ, trankvilizəedici effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Mərkəzi sinir sistemində reflektor oyanıqlığı azaldır. Baş beyinin qabıq və qabıqaltı strukturlarının neyronlarında tormozlanma proseslərini artırır. Qıcolmaəleyhinə təsir edir. Orqanizmə tonuslandırıcı, damarlara spazmolitik təsir göstərir. Qanın perfuziyasını artıraraq koronar qan dövranını yaxşılaşdırır, ürək vurğularının sayını azaldır, taxiaritmiyaların qarşısını alır.

https://fizulihuseynov.com/