Autoimmun xəstəliklər

Autoimmun xəstəliklər

Autoimmun xəstəliklər orqanizmdə immun sistemin iş prinsipinin  pozulması ilə əlaqədar meydana çıxan sistem xəstəliklərdir. Bu zaman konkret bir orqanlar sistemi deyil, bütün orqanizm prosesə cəlb oluna bilər. Mütəxəssislər tərəfindən immun sistemin orqanizmin öz hüceyrələrinə qarşı mənfi reaksiyasının səbəbi hələ indiyə qədər dəqiq müəyyən olunmayıb. Doğulan andan etibarən insanın immun sistemi formalaşmağa başlayır. Əsas inkişaf dövrü 13-15 yaş aralığı hesab olunur. Limfositlər yad hüceyrə zülallarını tanıyır sonra isə müxtəlif infeksiyalarla mübarizə aparır. Limfositlərin bir qismi isə öz zülallarını yad kimi qəbul edərək onları tanımır. Bu qrup hüceyrələr zədələnmiş yaxud yetişməmiş hüceyrələrin məhv olmasına xidmət edirlər. Onların kəmiyyət göstəricisi  immun sistemi tərəfindən mütləq nəzarətə götürülür, bu nəzarət pozularsa sağlam hüceyrələr də dağılmağa məruz qalır. Nəticədə sistem xəstəliklər meydana çıxır. İmmun sistemdə meydana gələn daxili nasazlıq bəzən genlə ötürülərək gen mutasiyaları şəklində özünü büruzə verir. İki tip mutasiya mövcuddur. Birinci tip zamanı insanda müxtəlif faktorların təsiri altında bir çox orqanları və orqanlar sistemini əhatə edən autoimmun xəstəlik inkişaf edir. İkinci tip zamanı isə xəstəlik özü gen vasitəsilə ötürülür və hər nəsildə eyni orqanlar zədələnir.

Autoimmun xəstəliklərin yaranma səbəbi

Autoimmun xəstəliklərə gətirib çıxaran xarici faktorlar sırasına şüalanma, radiasiya, yoluxucu xəstəliklərin törədiciləri aiddir. Bu zaman immun hüceyrələr nəinki yad orqanizmə , həm də sağlam hüceyrələrə  hücum edir. Nəticədə çarpaz immunitet yaranır.  Autoimmun xəstəliklərə qalxanabənzər vəzin funksional çatışmazlığı, Bazedov xəstəliyi, qovuqca, dağınıq skleroz, bədxassəli miasteniya, qırmızı qurdeşənəyi, sklerodermiya, revmatoid artrit, Şeqren sindromu, şəkərli diabet, vitiliqo, vaskulit və s. aid etmək olar. Autoimmun xəstəliklərin diaqnostikası və müalicəsi immunoloq, terapevt, revmatoloq və digər ixtisas həkimlərinin nəzarəti altında aparılır. Diaqnostika zamanı həkim xəstədən bir sıra analizlərin verilməsini tələb edir. Diaqnozun qoyulmasında xəstəliyin klinik inkişafı və simptomlar böyük əhəmiyyətə malikdir. Autoimmun xəstəliklərin diaqnostikası  zamanı ilk öncə xəstənin şikayətləri, xəstəlik tarixi  diqqətə alınır. Fiziki müayinələrlə yanaşı immunoloji analizlər – autoantitel, immun komplekslər yoxlanılır.Bunun üçün immunoflüorressent sınağı aparılır. Rentgenoloji metodlar, USM, endoskopik prosedurlar da autoimmun xəstəliklərin diaqnostikasında böyük əhəmiyyətə malikdir.

Autoimmun xəstəliklərin müalicəsi deldikdə yalnız simptomların intensivliyini azaltmaq, xəstəliyin kliniki gedişatını yüngülləşdirmək nəzərdə tutulur.Müalicə tədbirləri xəstənin əhval-ruhiyyəsini, həyat keyfiyyətini yaxşılaşdırmaq, fiziki aktivliyin təmin olunması və qidalanmanın korreksiyası istiqamətində aparılır. Autoimmun xəstəliklərin müalicəsində bir sıra dərman preparatları, o cümlədən immunomodulyatorlar, immunosupressorlar, qlükokortikoidlər, qeyri-steroid iltihab əleyhinə vasitələr, biopreparatlar, yerli məlhəm və kremlər və s. istifadə olunur. Bu preparatların uzunmüddətli qəbulu qaraciyərin zədələnməsi, saç tökülməsi, Kuşinq sindromu kimi bir sıra yan effektlər verir. Autoimmun xəstəliklərin kompleks müalicəsi zamanı fototerapiya, plazmafarez, fizioterapiya, müalicəvi idman və bədən tərbiyyəsi kimi tədbirlər də xəstələrin vəziyyətinin bir qədər yüngülləşməsinə gətirib çıxarır.Autoimmun xəstəliklər xronik gedişatlı olub tam müalicəyə tabe olmasa da xəstəliklərin qarşısını müasir tibdə kompleks müalicə tədbirləri ilə almaq mümkündür. Sağlamlığınıza diqqət edin, Herba Flora ilə qalın!

https://fizulihuseynov.com/

https://herba-flora.com